25 dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə Vətənin ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük müharibədə canlarından keçmiş şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə Gəncə şəhərində tədbir keçirilib. Gəncə şəhərində “PMD Group”un dəstəyi ilə “Ramada Plaza by Wyndham Gence” otelində təşkil olunmuş tədbirdə DİM-in şöbə müdiri Vəli Hüseyn, Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, “YAŞAT” Fondunun nümayəndəsi Elvin Nəsibov, otelin baş direktoru Emin Həsənov, Gəncə, Mingəçevir, Daşkəsən, Samux, Naftalan, Göygöl, Xocalı, Kəlbəcər və Goranboy rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının bir qismi və onların valideynləri iştirak ediblər Tədbirdə əvvəlcə Dövlət Himnimiz səsləndirilib. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və “YAŞAT” fondunun nümayəndəsi Elvin Nəsibov çıxışlarında ordumuzun qəhrəmanlığından, şanlı qələbəmizdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinin daim dövlətin diqqət və qayğısı altında olacağından bəhs ediblər. Həmçinin, xatırladılıb ki, 4 noyabr tarixində DİM ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. İmzalanan memorandumun əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir. Tədbir iştirakçılarına həmçinin, psixoloji dəstəyə, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhvə vermək və insanlara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək məqsədi ilə yaradılan e-psixoloq.az saytı barəsində məlumat verilib. Çıxışda saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətləri xüsusilə vurğulanıb. Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov çıxışında dövlətçiliyimizin möhkəmləndirilməsində, ərazi bütövlüyümüzün təmin olunmasında şəhidlərimizə borclu olduğumuzu vurğuladı. Bildirdi ki, şəhid ailələrinə, qazilərə hər birimiz diqqət və qayğı ilə yanaşmalıyıq. Azərbaycanın daha da qüdrətlənməsi üçün bundan sonra da yüksək bilik və bacarığa malik gələcəyimiz lazımdır. Qəhrəman döyüşçülərimizin arzu və amalını şəhid övladları yaxşı oxumaları ilə yerinə yetirməlidirlər. Dövlətimizi və dövlətçiliyimizi qoruyub saxlamağımız, onu daha da möhkəmləndirməyimiz gələcək nəsillərin ancaq bilik və savadından asılıdır. Ona görə də bu gün atılacaq ən böyük addım təhsillə bağlıdır. DİM Gəncə Regional Bölməsi də fəaliyyət göstərdiyi 13 il ərzində şəhid ailələrinin, qazilərin müraciətlərinə diqqətlə yanaşmış, təhsillərini davam etdirməklə uğurlu gələcəyə atdığı addımlarda onlara dəstək olmağa çalışmışıq. Vətən Müharibəsi şəhidi Rauf Əsgərovun anası Brilliyant Əsgərova çıxış edərək keçirilmiş tədbir haqqında öz təəssüratlarını çatdırdı. Şəhid ailələri ilə maraqlanan, onları unutmayan, hər bir sahədə şəhid övladlarının qayğısına qalan insanlara təşəkkür etdi. Fikirlərinə əlavə etdi ki, bu diqqət və qayğı bizləri mənəvi cəhətdən ruhlandırır, fəxr edirik ki, qəhrəman şəhidlərimizin belə dəyərli qardaş və bacıları var. Qeyd edək ki, tədbirə COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınaraq 33 məktəbli və onların valideynləri dəvət olunub və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülüb. Gəncə şəhəri və Mingəçevir, Daşkəsən, Samux, Naftalan, Göygöl, Xocalı, Kəlbəcər, Goranboy rayonlarının məktəblərində təhsil alan, lakin pandemiya qaydalarına riayət etmək səbəbi ilə çağırılmayan 84 şəhid övladına da DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri (ümumilikdə 276 ədəd), otk.az saytı üçün ödənişsiz kuponlar çatdırılacaqdır.